Artıq Azərbaycan dilindən ingilis dilinə mətn tərcüməsi mümkündür

      525-ci qəzet
      Vüsalə FAMİLQIZI

      "Azərbaycan dilindən ingilis dilinə maşın tərcüməsi sisteminin təkmilləşdirilməsi və ingilis dilindən Azərbaycan dilinə maşın tərcüməsi sisteminin yaradılması" layihəsi çərçivəsində Azərbaycan dilindən ingilis dilinə mətn tərcüməsini yerinə yetirən "Dilmanc" maşın tərcüməsi sistemi artıq hazırdır. Bununla bağlı dünən layihəni həyata keçirən işçi qrupunun hazırladığı maşın tərcüməsi sisteminin təqdimat mərasimi olub.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, tərcümə sistemlərinin yaradılması ilə bağlı 2003-cü ildə BMT-nin təşəbbüsü ilə Cenevrədə sammit keçirilib. Onun sözlərinə görə, həmin sammitdə səslənin fikirləri nəzərə alaraq Azərbaycan hökuməti BMT-nin İnkişaf Proqramının "Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü" layihəsi çərçivəsində bu sistemin hazırlanmasına başlayıb: "Layihənin həyata keçirildiyi müddət ərzində Azərbaycan dilindən ingilis dilinə tam mətn tərcüməsini yerinə yetirən "Dilmanc" maşın tərcüməsi sistemi xeyli dərəcədə təkmilləşdirilib. Bu proqram çərçivəsində ilk dəfə olaraq Azərbaycan dilinin formal qramatikası yaradılmış, formal qramatik təhlil və sintez alqoritmləri, semantik analiz qaydaları işlənib hazırlanıb. Bundan başqa 150 mindən artıq söz və söz birləşməsini əhatə edən avtomatik lüğət bazası da formalaşdırılıb". Ə.Abbasov bildirib ki, yaradılmış alqoritmlərin və lüğətlərin təkmilləşdirilməsi prosesi hazırda davam etdirilir. "Dilmanc" maşın tərcüməsi sisteminin hazırkı variantı isə yalnız ümumişlək xarakterli mətnlərin anlaşıqlı tərcüməsini əldə etməyə imkan verir.


© dilmanc.az