İlk səhifə

Azərbaycan dilində mətnlərin səsləndirilməsi indi mümkündür

BBCAzəri

Artıq Azərbaycan dilində mətnlərin səsləndirilməsi mümkündür. Səsləndirmə proqramı yerli Dilmanc tərcümə layihəsinin bir hissəsidir. Bunun üçün Dilmanc layihəsinin rəsmi saytına girərək səsləndirmə proqramına istənilən mətni daxil etmək və səsli oxunuşunu dinləmək lazımdır.
http://www.dilmanc.az saytında olan məlumata görə, bu proqram vasitəsilə istifadəçilər məktub, xəbər və kitablara göz yormadan və işdən ayrılmadan qulaq asa biləcəklər.

Hazırda proqrama yalnız 200 simvol daxil etmək olur və "səsləndir" əmrini klikləyəndə mətn bir neçə saniyə sonra eşidilir.
Yerli internet mütəxəssisləri bu "körpə" proqramın yaradılmasını dəstəkləsələr də, tənqidlərini də əsirgəməyiblər.

"Bəzi xarici səsləndirmələrə Azərbaycan sözlərini də daxil edəndə oxudur. Ancaq sözlər əcnəbi ləhcədə danışıq effektini verir. Dilmancın proqramında isə mətni səsləndirən «səs»in ləhcəsi də elə Azərbaycan dilindədir. Buna görə üstünlüyü var."- deyə Şaiq Muradov bildirir.
O həmçinin deyir ki, "Hələki proqram təkmilləşdirmə mərhələsindədir. Ancaq proqram tam işləsə və API-lərini (APİ-application programming interface- proqramlaşdırma interfeysı) açsalar, xəbər saytları və bloglarda - qısaca mətn olan hər bir saytda bundan istifadə etmək mümkün olar.

Sayta mətnləri səsləndirmə funksiyası əlavə edilər və istifadəçilər həm oxucu, həm də dinləyici ola bilərlər."

Gələcəkdə bu proqram mətnin oxunuşunu həmçinin mp3 formatında yadda saxlamağa imkan verəcək ki, bununla da lazımlı informasiyaya pleyerdə, telefonda, avtomobildə gedərkən və s. hallarda qulaq asmaq mümkün olacaq.

Qeyd edək ki, nümayiş etdirilən proqram ilk versiyadır və keyfiyyətinin artırılması üzərində işlər gedir.

Layihə rəhbəri t.e.n. Əbülfət Fətullayevin sözlərinə görə, bu proqram Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə yaradılacaq telefon-tərcüməçi sisteminin komponentlərindən biridir. Telefon-tərcüməçi sistemilə telefon danışığının bir dildən başqa dilə avtomatik tərcüməsi həyata keçiriləcək və beləliklə, əcnəbilərlə telefonda danışmaq çox asan olacaq.

Layihə çərçivəsində həmçinin Dilmanc tərcümə sisteminin keyfiyyətinin artırılması və Azərbaycan dili üçün ilk nitqin tanınması sisteminin (mikrofona deyilən şifahi nitqi yazıya çevirən proqram) yaradılması üzərində işlər davam etdirilir.

Dilmanc layihəsi ilk addımlarını 2005-ci ilin aprelindən atıb. Bu tarixdən etibarən Azərbaycan-İngilis, İngilis-Azərbaycan və Türk-Azərbaycan istiqamətləri üzrə tərcümə sisteminin ilk versiyası hazırlanıb.

Layihənin sponsorları Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyidir.

Cavab vermək

  • Sayt adları və elektron e-mail yazılarıavtomatik linkə çevrilir.
  • Yalnız göstərilən teqlərdən istifadə etmək mümkündür: <a> <em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • Sətirlər və bəndlər avtomatik düzənlənir.

Təhlükəsizlik kodu
Aşağıdakı təsvirdə gördüyünüz yazını aşağıdakı xanaya daxil edin

©  dilmanc.az