Hamının işi asanlaşacaq
Müəllif: admin Tarix: 4 Avqust, 2008 - 16:22.Bu gün internet gündəlik həyatımıza daxil olub. İnternetdən istənilən mövzuda informasiya əldə etmək mümkündür. Ancaq İnternetdəki informasiyaların böyük hissəsi ingilis dilində olduğundan, bu dili bilməyən istifadəçilər İnternetdən informasiya əldə etməkdə çətinlik çəkirlər. Həmin informasiyadan istifadə etmək üçün müəyyən proqram təminatına ehtiyac duyulur. Belə proqram təminatından biri də maşın tərcümə (MT) sistemləridir.
Maşın tərcümə sistemi bir dildə olan mətnin digər dildə keyfiyyətli qaralama tərcüməsini almaq üçün yaradılan kompüter proqramı sistemidir. Bizim bilmədiyimiz dildə olan məlumatı başa düşə biləcəyimiz dildə, əldə etmək üçün bu proqram ideal vasitədir. Bu proqram artıq uzun illərdir ki, bütün dünyada istifadə olunur. Dünya alimləri maşın tərcümə sistemindən elmi-tədqiqat sahəsi kimi ötən əsrin 50-ci illərindən istifadə etməyə başlayıblar. Uzun müddət keçməsinə baxmayaraq, bu gün də maşın tərcüməsi sahəsində araşdırmalar aparılır. Bu müddət ərzində maşın tərcüməsindən imtina olunan vaxtlar olsa da, sonralar məcburən bu sistemə yenidən qayıdılıb. Azərbaycanda bu tərcümə sistemlərinin yaradılması son 3-4 ilə təsadüf edir. Belə ki, Azərbaycan dilindən digər dillərə və əksinə, tərcümə prosesinin avtomatlaşdırılmasının mümkünlüyünün öyrənilməsi məsələsi ilk dəfə 2003-cü ilin əvvəllərində akademik Əli Abbasov tərəfindən qoyulmuş və tədqiqatlara başlanılmışdır. Qısa müddətdə belə bir proqramın yaradılmasının mümkünlüyü müəyyən edildi və ilkin olaraq Azərbaycan dilindən ingilis dilinə maşın tərcümə sisteminin ilkin variantı yarandı. Sonra isə ingilis dilindən Azərbaycan dilinə maşın tərcümə sistemi yaradıldı. Maşın tərcümə sistemi Azərbaycan Respublikası Rabitə və informasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihənin nəticəsi idi. Layihənin direktoru, texnika elmləri namizədi Əbülfət Fətullayevin sözlərinə görə, İnternetdə olan materialların çox faizi ingilis və digər Avropa dillərində olduğundan, bu dilləri bilməyənlərə maşın tərcümə sistemi imkan verir ki, informasiyaları başa düşə biləcəkləri dilə çevirə bilsinlər.
Çoxları hesab edir ki, maşın tərcümə sistemi xarici dilləri öyrənməyə olan ehtiyacı aradan qaldıra bilər. Ancaq bu, heç də belə deyil. Kompüter insanı əvəz edə bilmədiyi kimi, maşınla tərcümə də insan tərcüməsini əvəz edə bilməz. Bu sistem digər kompüter vasitələri kimi insanın əməyini yüngülləşdirmək üçün nəzərdə tutulub. Hal-hazırda bu tərcümə proqramları www.dilmanc.az saytında yerləşdirilib və istifadəçilər bu proqramlardan bəhrələnir. Əbülfət Fətullayev söyləyir ki, populyarlığına görə Azərbaycanda «dilmanc» maşın tərcümə sistemi ilə müqayisə oluna biləcək ikinci milli proqram sistemi yoxdur: «Etiraf edək ki, bu təcrübə yeni olduğundan proqramda müəyyən çatışmazlıqlar mövcuddur. Buna baxmayaraq, bütün cəmiyyətdə bu proqram yüksək qiymətləndirilir. Zaman keçdikcə proqram daha da yaxşılaşacaq. Çünki hər gün maşın tərcümə sisteminin daha da keyfiyyətli olması üçün konkret işlər görülür, yeni alqoritmlər yaradılır, lüğətlərdə dəyişikliklər edilir, sözlər haqqında daha çox semantik informasiya əldə olunmasına çalışılır». Bütün bunlar dolayısıyla maşın tərcümə sisteminin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Digər tərəfdən, «dilmanc»ın 80 mindən çox istifadəçisinin olması maşın tərcümə sisteminin cəmiyyətdə nə qədər arzuolunan olmasının göstəricilərindən biridir.
Hal-hazırda Azərbaycan-ingilis, ingilis-Azərbaycan, türk-Azərbaycan dillərinə maşın tərcümə sistemi fəaliyyət göstərir. Əbülfət Fətullayevin sözlərinə görə, bəzi mütəxəssislər türk-Azərbaycan dillərinin bir-birinə yaxın olduğundan bu dillərin maşın tərcüməsinə ehtiyacı olmadığını iddia edirdilər: «Bu tərcümə sistemini yaratmaqda məqsədimiz digər türk dillərindən xarici dillərə maşın tərcümə sisteminin yaradılması məsələsinin həll olunmasının mümkünlüyünü göstərmək olub. Əslində, bu proqramı həyata keçirməklə biz Azərbaycan dili vasitəsilə bütün türk dilləri qrupuna daxil olan dillərdən digər dillərə maşın tərcüməsini həyata keçirə bilərik. Bu mənada gördüyümüz işlər Türk dünyası üçün də əhəmiyyətli hesab oluna bilər».
Qeyd edək ki, bu istiqamətdə Azərbaycanda yaradılan texnologiyaların türk xalqları arasında analoqu yoxdur. Sözügedən proqram ilk dəfə Azərbaycanda yaradılıb.
Yuxarıda qeyd olunduğu kimi, maşın tərcüməsi ölkəmizdə yeni yarandığından, bu proqram bir sıra çatışmazlıqları vardır. Belə ki, maşın tərcüməsindən istifadə zamanı yüksək dəqiqlik tələb olunan rəsmi sənədlərin tərcüməsində müəyyən problemlər yaranır. Çünki maşın tərcüməsi dəqiq yox, anlaşıqlı qaralama tərcümə edir. Çoxmənalı sözlərin istifadə olunduğu mətnlərdə də aşağı keyfiyyət müşahidə olunur. Buna baxmayaraq, «dilmanc» maşın tərcümə sistemi xaricdə ən geniş istifadə olunan tərcümə sistemlərindən bəzən daha yaxşı nəticə göstərir. «Dilmanc»da olan nöqsanlar həmin sistemlərdə də var və bu, normaldır. Çünki tərcümə prosesi insanın beynində gedən intellektual prosesdir və bu prosesin necə getdiyi elmə tam məlum deyil. Ona görə də maşın tərcümə sistemində həmişə nöqsanlar olacaq.
«Dilmanc»da olan nöqsanların əsas səbəblərindən biri də bu proqramın qısa vaxt ərzində yaranmasıdır. Layihənin direktoru Ə.Fətullayev belə söyləyir: «Əslində, bunlara nöqsan demək heç də doğru olmazdı. Sadəcə, müəyyən vaxt lazımdır ki, bəzi əməliyyatları yarada bilək. Məsələn, Rusiyanın Promt maşın tərcümə sistemi elektron səhifələri avtomatik rejimdə tərcümə etməyə imkan verir. Yəni bu proqramın köməkliyi ilə birbaşa veb səhifənin tərcüməsini əldə etmək mümkündür. Belə bir xidməti yaratmaq imkanı bizdə də var. Sadəcə, əməkdaşlarımız tərcümənin keyfiyyətinin artırılması ilə məşğul olduğundan digər prosesləri hazırlamağa imkan yoxdur. Məhz gərgin əməyin nəticəsidir ki, «dilmanc»ın əvvəlki versiyası ilə son versiyası arasında böyük fərqlər var. Son versiyada formatın saxlanılmasını, səhv sözlərin altından xətt çəkilməsini, tərcümə prosesində istifadəçiyə kömək edən digər proseslərin istifadəyə verilməsini görmək mümkündür».
Qeyd edək ki, bu günə qədər görülən işlər layihə iştirakçılarının qarşılarına qoyduqları məqsədin bir hissəsidir. Əsas məqsəd sinxron formal tərcümə sistemi yaratmaqdır. Sadə dillə desək, layihə iştirakçıları çalışırlar ki, mikrofona Azərbaycan dilində danışılanda ingilis dilində eşidilsin. Artıq bu istiqamətdə Azərbaycan nitqinin tanınması üzərində konkret işlər görülür. Bu sistem imkan verəcək ki, klaviaturanın köməkliyi olmadan danışılan nitq kompüterin yaddaşına yazılsın.
Elşən Allahverdiyev (TVplyus)
»